Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2021/22 mövsümünün sonuncu turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, 38-ci turun bütün oyunları eyni gündə keçirilib və eyni saatda başlayıb.
Çempionluğu bir neçə tur öncə təmin edən PSJ mövsümün sonunda “Mets”lə qarşılaşıb. Kilian Mbappenin het-trik etdiyi oyunda komandası 5 cavabsız qola sevinib.
İkinci yer uğrunda mübarizə aparan Marsel “Olimpik”i ilə “Monako” bir-birinin büdrəməsinə ümid edirdi. “Monako” səfərdə “Lans”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matç heç-heçə bitib. Marsel təmsilçisi isə “Strasburq”la oyunda darmadağınla qalib gələrək ikinci pilləyə yüksəlib. Bu nəticələrdən sonra “Monako” da üçüncü yerlə kifayətlənib. Beləcə, çempion PSJ ilə yanaşı, Marsel “Olimpik”i və “Monako” Fransanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
“Renn” mövsümün son turunda ötən mövsümün qalibi “Lill” ilə üz-üzə gəlib. Dörd qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. Xalını 66-ya çatdıran “Renn” mövsümü 4-cü pillədə bitirib və Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Son turda səfərdə “Reyms”ə qalib gələn “Nitsa” da mövsümü 66 xalla bitirib. Lakin daha yaxşı göstəricilərə malik “Renn” öndə qərarlaşıb. Beləcə, 5-ci yerlə kifayətlənən “Nitsa” Fransanı Avropa Konfrans Liqasında təmsil etmək hüququ qazanıb.
31 xalla son iki pillədə qərarlaşan “Mets” və “Bordo” klubları Liqa 1 ilə vidalaşıblar. 32 xalla 18-ci olan “Sent-Etyen” isə elitada qalmaq üçün pley-off oynayacaq.
Fransa Liqa 1
38-ci tur
21 may
Anje – Monpelye 2:0
Qol: Manqani, 45+1. Laqe, 67.
Brest – Bordo 2:4
Qol: Munye, 16. Belaili, 34 – Manqas, 14. Mara, 32; 73. Dilrosun, 75.
Klermon – Olimpik (Lion) 1:2
Qol: Bayo, 59 – Dembele, 26. Auar, 49.
Lans – Monako 2:2
Qol: Frankovski, 30. Qanaqo, 90+5 – Badiaşile, 34. Ben Yedder, 62.
Lill – Renn 2:2
Qol: Vea, 11; 88 – Buriqe, 41. Jirassi, 90+2.
Loryan – Trua 1:1
Qol: Loryente, 74 – Tuzqar, 22.
Olimpik (Marsel) – Strasburq 4:0
Qol: Jerson, 32; 89. C.Ünder, 73. Bakambu, 90+2.
Nant – Sent-Etyen 1:1
Qol: Blas, 23 – Hamuma, 79.
PSJ – Mets 5:0
Qol: Mbappe, 25; 28; 50. Neymar, 31. Di Mariya, 67.
Reyms – Nitsa 2:3
Qol: Ekitike, 9. Dumbiya, 17 – Delor, 75-pen; 77; 82.


