“Liverpul” 18 yaşlı iki futbolçu üçün 38 milyon avro ödədi

18 yaşlı belçikalı qapıçı Lukka Bruqmans və fransalı hücumçu Cilian N’Gessan yaxın illərdə “Liverpul”un uğurları üçün çalışacaqlar.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qırmızılar” Lukkanı Belçikanın “Genk” klubundan transfer ediblər. İngiltərə nəhəngi bu keçid üçün qarşı tərəfə 33 milyon avro ödəyib. Lukkanın cari mövsümün sonunadək “Genk”də icarədə olacağı, Premyer Liqa təmsilçisinə gələn yay qoşulacağı vurğulanıb.

Cilian isə Fransanın “Sent Etyen” klubundan 5 milyon avroya transfer edilib. Fransalı forvard da cari mövsümün sonunadək “Brest”ə icarəyə verilib. O da “qırımızılar”a gələn yay qoşulacaq.

“Liverpul” hər iki futbolçu ilə imzalanmış uzunmüddətli müqavilənin bitəcəyi tarixi açıqlamayıb.

“Antverpen” və PSV-nin də sistemindən keçmiş Lukka Bruqmans 2022-ci ildən “Genk”də çıxış edir. O, bu klubun əsas komandasının heyətində 15 oyuna çıxıb, 15 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb. Bruqmans Belçikanın U-15, U-16, U-17, U-18 yığmalarında oynayıb, hazırda isə U-19-a dəvət alır.

Cilian N’Gessan “Sent Etyen”in yetirməsidir. O, Fransa klubunun əsas komandasının heyətində 13 oyuna çıxıb, 1 qola imza atıb.

N’Gessan Fransanın U-16, U-17 yığmalarında oynayıb, hazırda U-20-də çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: