Futbol üzrə İtaliya millisinin və “Roma”nın hücumameyilli yarımmüdafiəçisi Lorenso Pelleqrini paytaxt klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə paytaxt təmsilçinin rəsmi saytına istinadən xəbər verir.
Yeni müqavilənin detalları açıqlanmayıb. Yerli KİV-in məlumatına görə, 30 yaşlı futbolçu ilə anlaşma 2027-ci ilə qədər qüvvədə olacaq və daha bir mövsüm uzadıla bilər.
“Roma”nın öz yetirməsi olan Lorenso Pelleqrini 2015-ci ilin martında “canavarlar”ın əsas komandasında debüt edib. 29 yaşlı futbolçunun paytaxt klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcud idi.
Pelleqrini “sarı-qırmızılı” formada 300-dən çox matça çıxıb, 58 qol vurub, 60 məhsuldar ötürmə verib.
Lorenso iki mövsüm “Sassuolo”da oynadıqdan sonra 2017-ci ildə yenidən doğma klubuna qayıdıb.
İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Pelleqrini 2017-ci ildə əsas millidə debüt edib. O, İtaliya milli komandasının heyətində keçirdiyi 36 oyunda 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.



