Luçano Spalletti: “İtaliya yığmasına qorxu hakimdir”

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti 2024-cü il Avropa çempionatı seçmə mərhələsi ərəfəsində komandanın düşərgəsini təsvir edib.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis Şimali Makedoniya və Ukrayna yığmaları ilə keçirəcəkləri oyunlar ərəfəsində “skuadra adzurra”nın düşərgəsində qorxu hökm sürdüyünü etiraf edib:

“Biz daha çox kimdən ehtiyat edirik – Şimali Makedoniyadan, yoxsa Ukraynadan? Qorxu var, amma biz bunun öhdəsindən birlikdə gəlirik. İngiltərə yığması ilə oyunda çoxlu işıq şüaları gördüm, biz qatı zülmətdə deyildik. Biz adətən məğlubiyyətləri yaddaşımızdan silməyə meyilliyik, amma həmin oyunun bəzi anlarında dəstək verməli olduğumuz çoxlu yaxşı məqamlar vardı”, deyə Luçano Spalletti ümidlə danışıb.

Xatırladaq ki, İtaliya yığma komandası noyabrın 17-də Şimali Makedoniya kollektivini qonaq edəcək. Noyabrın 20-də isə italyanlar Leverkuzenin “BayArena”sında Ukrayna yığma komandasının şərti qonağı olacaqlar.

Xatırladaq ki, makedonlar DÇ-2022-nin seçmə mərhələ oyununda İtaliya yığmasına badalaq gəlib (1:0) “skuadra adzurra”nı mundialdan kənarda qoya bilmişdilər.

Komandaların yer aldığı “C” qrupundakı cari vəziyyəti təqdim edirik:

  1. İngiltərə – 16 xal (6 oyun)
  2. Ukrayna – 13 xal (7 oyun)
  3. İtaliya – 10 xal (6 oyun)
  4. Şimali Makedoniya – 7 xal (6 oyun)
  5. Malta – 0 (7 oyun)

Göründüyü kimi, İngiltərə milli komandası Almaniyada keçiriləcək turnirin final mərhələsinə vəsiqəsini təmin edib. Digər vəsiqə uğrunda əsas mübarizənin Ukrayna, İtaliya və Şimali Makedoniya yığmaları arasında gedəcəyi aşkardır.