Lüdovik Blas Liqa 1-də klubunu dəyişdi – 15 milyon avroya

Fransanın “Nant” klubunun fransız yarımmüdafiəçisi Lüdovik Blas Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

25 yaşlı futbolçunun transferi yeni klubuna 15 milyon avroya başa gəlib. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

Lüdovik Blas “Nant”a 2019-cu ildə yetirməsi olduğu “Genqam”dan 8 milyon avro qarşılığında keçmişdi. O, “Nant”da 159 oyuna çıxıb, 45 qol və 19 məhsuldar ötürmə müəllifi olub. Blas Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Nant” sağ cinah müdafiəçisi Sebastyan Korşya və sol cinah müdafiəçisi Şarl Trarore ilə də yollarını ayırıb. Onların hər ikisinin klubla müqaviləsinin bitdiyi üçün komandanı tərk ediblər. 32 yaşlı Korşya 2020-ci ildən formasını geyindiyi “Nant”da 93 oyuna çıxıb, 7 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı Traore isə 2018-ci ildən Liqa 1 klubunda çıxış edirdi və bu komandada 95 oyuna 1 qol, 2 assist müəllifi olub.

“Nant” müvafiq olaraq “Nitsa” və “Benfika”dan icarəyə götürdüyü Evann GessanJoao Viktorla da yollarını ayırıb. İcarə müddəti bitən futbolçular klublarına qayıdıblar. Əvəzində yarımmüdafiəçi Markus Koko ilə yeni müqavilə imzalanıb. 2019-cu ildən “Nant”da olan 27 yaşlı futbolçu ilə yeni sözləşmə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. O, daha öncə “Genqam”da da forma geyinib.

“Renn” iki qapıçısı ilə vidalaşdı, yenisini transfer etdi

Blası heyətinə qatan “Renn” “Trua”dan da qapıçı Qotye Qallonu transfer edib. 30 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. “Nim”in yetirməsi olan fransız “Orlean”da da oynayıb. O, 2019-cu ildən formasını geyindiyi “Trua”da 124 oyun keçirib.

Əvəzində “Renn” öz təcrübəli qapıçısı Romen Salenlə vidalaşıb. 38 yaşlı qolkiper azad agent kimi komandanı tərk edib və böyük ehtimalla karyerasını bitirəcək. Fransız qapıçı 2019-cu ildən bu klubda idi. O, “Renn”də cəmi 28 matça çıxıb. Təcrübəlki qolkiper “Maritimo”, “Tur”, “Naval”, “Liburn”, “Sportinq”, “Loryan”, “Rio Ave”, “Genqam”, “Laval” kimi klubların da formasını geyinib.

“Renn” digər qapıçısı, Türkiyə millisinin də üzvü olan Doğan Alemdarı “Trua”ya icarəyə verib. 20 yaşlı qolkiperin daha çox oyun təcrübəsi qazanması üçün qarşıdakı mövsümün sonunadək icarədə olacağı diqqətə çatdırılıb. “Kayserispor”un yetirməsi 2021-ci ildə transfer olunduğu “Renn”in əsas komandasında 23 oyun keçirib. Fransa klubu onu icarəyə verməzdən öncə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmağı da unutmayıb.

“Renn”in gənc hücumçusu Junior Kadile isə “Laval”a transfer olunub. 20 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Ötən mövsümü “Famalikan”da icarədə keçirmiş futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. “Renn”in yetirməsi klubun əsas komandasında cəmi 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: