Kolumbiyanın hüquq-mühafizə orqanları “Liverpul”un hücumçusu Luis Diasın oğurlanmış valideynlərini xilası üçün xüsusi əməliyyat keçiriblər.
Arena.az məlumat verir ki, əməliyyat uğurla başa çatıb.
Xatırladaq ki, bir gün əvvəl futbolçunun doğma məmləkəti Quaxira departamentinin Barrankas şəhərində Luis Diasın valideynləri oğurlanmışdı. Diasın valideynləri avtomobil idarə edərkən onların yolu motosikletli naməlum şəxslər tərəfindən kəsilib. Adam oğruları Diasın anası və atasını hadisəsi yerindən şəxsi avtomobilləri ilə aparılıblar.
Kolumbiya milli polisinin rəisi Uilyam Salamanka “X” sosial şəbəkəsi üzərindən, keçirilmiş xüsusi əməliyyatın uğurla başa çatdırıldığı haqda müvafiq məlumatı dərc edib:
“Kolumbiya polisinin hazırladığı “Anbar kilidi” adlı xüsusi əməliyyatının həyata keçirilməsi nəticəsində əməkdaşlarımız tərəfindən tapılmış, futbolçu Luis Diasın anası Silenis Marulandanı xilas etmək mümkün olub. Bu, qüvvələrin səmərəli və güclü yerləşdirilməsi sayəsində baş verib”, – polis rəisi yazıb.
Daha sonra isə Luisin atası atışma zamanı adam oğrularının əlindən qurtarılıb. Müvafiq məlumat “The Mirror” dərgisinin Kolumbiya mətbuatına istinadı əsasında təqdim edilib və hələ rəsmən təsdiqini tapmayıb.
Bildirilir ki, atışma nəticəsində futbolçunun atasını qaçırmış dörd adam oğrusundan ikisi öldürülüb. Mənbənin məlumatına görə, adam oğruları girovu qonşu ölkəyə qaçırmaq niyyəti ilə Kolumbiya-Venesuela sərhədinə getməyi nəzərdə tutblarmış.
Daha əvvəl, “Liverpul” Luis Diasın valideynlərinin oğurlanması ilə bağlı rəsmi saytında dərc etdiyi bəyanatında xoşagəlməz hadisənin tezliklə xoşbəxt sonluqla başa çatacağına ümidini ifadə edərək, futbolçusuna mənəvi dəstəyini nümayiş etdirmişdi.



