PSJ-nin baş məşqçisi Luis Enrike komandasının UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmasını şərh edib.
Arena.az xatırladır ki, dünən, dekabrın 13-də PSJ səfərdə Dortmund “Borussiya”sı ilə heç-heçə (1:1) sayəsində mötəbər turnirin ələmə mərhələsinə vəsiqə qazanıb.
“Biz hələ də sağıq. Həmin qrupda ikinci yeri tutsaq da, heç bir komanda növbəti mərhələdə bizimlə oynamaq istəməz.
Bu gecədən razıyam, çünki irəliləyiş əldə etdik, amma əlbəttə ki, birinci yeri tutmağı üstün tutardım. Mən oyunun sonu ərəfəsində uşaqlara qışqırdım: “2:1-ə oynayın, amma çox risk etməyin”.
Şübhəsiz ki, komanda irəliləyir. Hələ inşasının başlanğıcındadır. Futbolçularımın ruhunu, döyüşmək bacarığını çox bəyənirəm. Üzülsələr belə, bu məyusluğu xoşlayıram. Daha yaxşı olacağımıza şübhəm yoxdur.
Komandamız çoxlu imkanlar yaradır və həmişə hücuma keçmək istəyir. Bu gecə bizim dörd-beş dəqiq imkanımız oldu və əminəm ki, fevralda biz daha güclü olacağıq”, – UEFA-nın rəsmi saytı Luis Enrikedən sitat gətirir.
PSJ-nin 8 xalla 2-ci olduğu “F” qrupunu “Borussiya” (Dortmund) 11 xalla qalib başa vurub. Hər iki komanda Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə qazanıb. “Milan” 8 xalla Avropa Liqasına yollanıb. İstəkli və maraqlı futbol nümayiş etdirən Eddi Haunun “Nyukasl”ı isə 5 xalla turniri tərk edib.


