PSJ-nin baş məşqçisi Luis Enrike Avropa futbolunda ən çox mükafat qazanmış məşqçilər siyahısında yüksəlməyə davam edir.
Arena.az xəbər verir ki, ötən gecə parislilər ardıcıl ikinci il UEFA Super Kubokunun qalibi oldular.
Fransa klubu İngiltərə təmsilçisi “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib. Bir il əvvəl PSJ İngiltərə Premyer Liqasının digər komandası “Tottenhem”i məğlub etmişdi. Həmin matç əsas vaxtda 2:2 hesabı ilə başa çatmış və parislilər penaltilər seriyasında üstün olmuşdular.
Son uğur Luis Enrikenin məşqçilik karyerasının altıncı Avropa kubokudur. İspan məşqçi bu göstəriciyə görə Aleks Ferqyuson və Covanni Trapattoniyə çatıb.
Yalnız iki məşqçi daha çox Avropa kuboku qazanıb. Xosep Qvardiolanın yeddi Avropa kuboku var, Karlo Ançelotti isə on kubokla bu siyahıda vahid liderdir.
Xatırladaq ki, PSJ “Aston Villa” üzərində qələbə ilə tarixdə iki il ardıcıl olaraq UEFA Super Kubokunu qazanan üçüncü klub olub. Daha öncə “Milan” və “Real” da oxşar uğura imza atmışdılar.


