Fransa çempionu PSJ-nin ispan baş məşqçisi Luis Enrike mövsümə elə də yaxşı başlamamış Paris təmsilçisinin hazırkı vəziyyətindən danışıb.
Arena.az “RMC Sport”a Enrikenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Komandam həqiqətən mövsümə yaxşı başlamadı. Bu, mən kluba gələndən sonra tez-tez baş verir: oyunçular böyük məlumat axınını qavramalı, yeni fikirləri və prinsipləri mənimsəməlidirlər. Mənim yetirmələrim böyük həvəslə çalışırlar və məşqçilər qərargahının fikirlərini anlamaq istəyirlər. Mən razıyam.
PSJ azarkeşləri inanılmazdır. Nəticələr yaxşı olmayanda belə, onların dəstəyi möcüzəvidir. Əminəm ki, qarşıda bizi yaxşı futbol və yaxşı nəticələr gözləyir.
Futbol həmişə hər şeyi zamanla öz yerinə qoyur. Məni cari problemlər narahat etmir. Sözsüz ki, hamı kimi, mən də ən qısa zamanda nailiyyətlər əldə etmək istəyirəm. Ancaq bizə güclü komanda qurmaq üçün vaxt lazımdır”, deyə Luis Enrike bildirib.
Hazırda PSJ Liqa 1-də 5 turdan sonra 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət yaşayıb və 8 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, parislilərin top fərqi 10:6 nisbətindədir.
Liqa 1-də 11 xalla “Monako” liderlik edir.


