PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Nyukasl”la oyunu (1:1) haqda şərh verib.
Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz qələbəyə layiq idik. Oyun boyu yaxşı oynadıq və “Nyukasl”dan da daha yaxşı oynadıq. Nəticə meydanda baş verənləri əks etdirmir. Amma bu, futboldur. Biz Avropada ən çox qol vuran komandalardan biriyik, amma bu gün top qapıya girmək istəmirdi.
Mən Danilo Pereyranı gətirdim, çünki o, topa yaxşı nəzarət edir və biz əvvəldən rəqibimizə üstünlük vermək istəyirdik. Biz bunu da etdik. Mən çox şadam ki, uşaqlar səbrli qaldılar və məyusluğun onları alt-üst etməsinə imkan vermədilər”, deyə Luis Enrike bildirib.
Hazırda PSJ-nin yer aldığı “F” qrupuna 10 xalla “Borussiya Dortmud” başçılıq edir, alman komandası ələmə mərhələsinə vəsiqəsini təmin edib. PSJ-nin 7 xalı, “Nyukasl” və “Milan”ın isə 5 xalı var. Göründüyü kimi, qrup ikinciliyi uğrunda qızğın mübarizə sonuncu, 6-cı tura qalıb.
Yeri gəlmişkən, “Opta Sports” statistik internet-portalının məlumatına görə, PSJ 2004/2005 mövsümündən bəri Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turundan sonra xal baxımından ən pis nəticəsini göstərib. Bu, Fransa nəhənginin son 19 ildə ən pis nəticəsidir.
Xatırladaq ki, 2004/2005 mövsümündə PSJ “Çelsi”, “Porto” və CSKA (Moskva) ilə birlikdə yer aldığı qrupdan ələmə mərhələsinə vəsiqə qazana bilməmişdi.


