Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Las Palmas” komandasının baş məşqçisi Luis Karrion istefaya göndərilib.
Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub ispan məşqçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Luis Karrion bu ilin yayında “Las Palmas”ın baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 9 oyuna çıxarıb. “Las Palmas” İspaniya La Liqasına təsadüf edən bu görüşlərdə qələbə qazana bilməyib – 6 oyunda məğlubiyyətə üzülüb və cəmi 3 heç-heçəyə nail olub. Bu nəticələrdən sonra klub rəhbərliyi Karrionu istefaya göndərmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Karrion daha öncə “Kordoba”, “Melilya”, “Numansiya”, “Kartaxena”, “Ovyedo” kimi komandalarda da baş məşqçilik edib.

Artıq “Las Palmas”ın yeni baş məşqçisi də məlumdur. Bundan sonra sözügedən komandaya Dieqo Martines rəhbərlik edəcək. Onunla 2025-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb.
Dieqo Martinesin sonuncu iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi “Olimpiakos” (Yunanıstan) olub. 43 yaşlı mütəxəssis buna qədər “Espanyol”, “Qranada” və “Osasuna”da da baş məşqçi kimi çalışıb.
“Las Palmas” 9-cu turdan sonra İspaniya La Liqasının yarış cədvəlində 3 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.



