Luis Karrion – “Las Palmas”ın yeni baş məşqçisi

İspaniyalı futbol mütəxəssisi Luis Karrion La Liqada mübarizə aparan “Las Palmas” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

45 yaşlı mütəxəssislə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, baş məşqçi postunda bu yay “Las Palmas”dan ayrılaraq “Sevilya”ya gedən Qarsiya Pimientanı əvəz edib.

Luis Karrion da “Las Palmas”a “Real Ovyedo”dan ayrılaraq gəlib. O, 2023-cü ilin yayından bu klubda çalışırdı. İspan məşqçi daha öncə “Kartaxena”, “Numansiya”, “Melilya”, “Kordoba” kimi komandalara da rəhbərlik edib.

“Las Palmas” heyətinə yeni oyunçular da cəlb edib. Bunlardan biri elə Luis Karrionun gəldiyi “Real Ovyedo”dan cəlb olunmuş Viti Rosatadır. 26 yaşlı ispan sağ vinger azad agent kimi gəlib və 3 illik müqavilə bağlayıb.

“Albasete”dən 1,5 milyona transfer olunmuş Manu Fuster isə sol vingerdir. 26 yaşlı ispan futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

İvan Xil hücumameyilli yarımmüdafiəçidir. 24 yaşlı ispan futbolçu “Andorra”dan azad agent kimi gəlib və 3 illik müqaviləyə imza atıb.

“Valyadolid”in ikinci komandasından azad agent kimi gəlmiş İvan Sedrik mərkəz hücumçusudur. 22 yaşlı kamerunlu La Liqa təmsilçisi ilə 2 illik anlaşıb.

Xayme Mata da hücumçudur. 35 yaşlı ispan forvard “Las Palmas”a “Xetafe”dən azad agent kimi gəlib və 1 illik müqavilə bağlayıb.

Plovdiv “Lokomotiv”inin qapıçısı Dinki Horkaş da bundan sonra “Las Palmas”ın uğurları üçün çalışacaq. 25 yaşlı xorvat yeni klubuna azad agent kimi gəlib və 4 illik müqaviləyə qol çəkib.

“Las Palmas” sağ vingeri Ale Qarsiya ilə də müqavilənin müddətini artırıb. 21 yaşlı ispan 2027-ci ilin 30 iyununa qədər bu komandada oynamağa davam edəcək.

Xəbəri paylaş:
Bizi izləyin: