“Mançester Yunayted”in və Portuqaliya yığmasının keçmiş hücumçusu Luis Nani ona imza üçün təqdim edilmiş köynəyi azarkeşin əlindən alıb.
Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.
Nani bu hərəkətini köynəyin oğurluq olduğunu əsas gətirməklə izah edib.
Naninin pərəstişkarı olan bir azarkeş elan xidməti üzərindən Portuqaliya yığmasının 2016-cı il Avropa Çempionatında qalib olduğu yarışdan köynək alıb. Satıcı ona xəbərdarlıq edib ki, bu, Naninin heç geyinmədiyi bir nüsxədir.
Azarkeş, portuqal futbolçunun hazırda çıxış etdiyi “Eştrela”nın (Amadora) məşqlərindən birindən sonra Nani ilə görüşüb və ondan aldığı köynəyə imza atmasını rica edib. Cavabında Nani köynəyin ondan oğurlanmış olduğunu bildirib və azarkeşin əlindən alıb. Pərişan olmuş zərərçəkmiş isə köynəyi və ya ona xərclədiyi pulu geri qaytarmaq üçün polisə müraciət edib.
Hazırda iş üzrə hüquq-mühafizə orqanları araşdırma aparırlar. Naninin müvafiq davranışı isə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə portuqal futbolçunu qınayanalar da tapılıb.
Qeyd edək ki, Nani bu ilin iyul ayından “Eştrela”nın uğurları üçün çalışır. 37 yaşlı vinger bu komandanın heyətində 8 oyuna çıxıb, 1 qol vurub.
Luis Nani karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Valensiya”, “Orlando Siti”, “Latsio”, “Venesiya”, “Melburn Viktori”, “Fənərbaxça” və “Adana Dəmirspor” kimi klubların da formasını geyinib.
Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol, 24 məhsuldar ötürmə var.
“Transfermarkt” internet-portalı 37 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.


