Luis Nani Şahruddinin çıxış etdiyi klubdan ayrıldı

Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor” klubu portuqaliyalı futbolçusu Luis Nani ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Adana təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

37 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Naniyə xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Nani 2023-cü ilin iyul ayından “Adana Dəmirspor”un formasını geyinirdi. O, bu komandada 34 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Luis Nani daha öncə Türkiyədə “Fənərbaxça”nın da uğurları üçün çalışıb. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Valensiya”, “Orlando Siti”, “Latsio”, “Venesiya” və “Melburn Viktori” kimi klubların formasını geyinib.

Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol, 24 məhsuldar ötürmə var.

Sonda onu da xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.