Ötən ay Avstraliyanın “Melburn Viktori” klubundan ayrılan Portuqaliya yığmasının sabiq yarımmüdafiəçi Luis Nani “Adana Dəmirspor”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı vinger Super Liqa təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb. Azad agent statusuna malik futbolçunun keçidi üçün əlavə ödənişə ehtiyac duyulmayıb.
Xatırladaq ki, portuqal yarımmüdafiəçi 2022-ci ilin iyul ayında Avstraliya klubu ilə 2 illik sözləşmə imzalasa da, ötən ay öz istəyi ilə bu komandadan ayrılmışdı. O, “Melburn Viktori”də cəmi 10 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Luis Nani daha öncə Türkiyədə “Fənərbaxça”nın da uğurları üçün çalışıb. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Valensiya”, “Orlando Siti”, “Latsio” və “Venesiya” kimi klubların formasını geyinib. Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol var.


