İspaniyalı futbol mütəxəssisi, vaxtilə “Espanyol”a da rəhbərlik etmiş Luis Qarsiya Qətər milli komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis bu vəzifədə son bir ildə köməkçisi işlədiyi Tintin Markesi əvəzləyib.
Belə ki, Qətər Futbol Federasiyasının rəhbərliyi Bartolome Markes Lopesi (daha çox Tintin Markes kimi tanınır – red.) vəzifəsindən kənarlaşdırıb. İspan mütəxəssis 2023-cü ilin dekabr ayından millidə çalışırdı. Qətər millisi 62 yaşlı mütəxəssisin rəhbərliyi altında 17 oyun keçirib. Komanda bu oyunlarda 12 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Qətər millisində məşqçi dəyişikliyinə səbəb komandanın DÇ-2026-nın seçmə mərhələsində uğursuz çıxışıdır: qrupda ilk 6 oyundan yalnız 2-də qalib gələrək mundiala getmək işini çətinə salıb.
Qətər millisini bundan sonra Markesin köməkçisi olmuş Luis Qarsiyanın çalışdıracağı açıqlanıb. 43 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Madrid “Real”ının yetirməsi olan Luis Qarsiya futbolçu kimi karyerasının böyük hissəsini “Espanyol”da keçirib və bir müddət bu komandanı çalışdırıb. O, 2007-2008-ci illərdə 7 oyunda İspaniya millisinin də formasını geyinib.
2019-cu ildən məşqçilik edən Qarsiya, “Damm”, “İnternasional” kimi kollektivlərə də rəhbərlik edib. O, 2023-cü ilin dekabr ayından Qətər yığmasında köməkçi kimi çalışırdı.


