Luis Rubiales İspaniya hava limanında saxlanıldı

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales İspaniyaya qayıdarkən hava limanında saxlanılıb.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl, İspaniya hüquq-mühafizə orqanları Luis Rubialesin həbsinə fərman veriblər. Müvafq fərman İspaniya Super Kubokunun ev sahibliyi hüququnun Səudiyyə Ərəbistana verilməsi ilə bağlı bu ölkə ilə müqavilə haqda işə görə İspaniya Kral Futbol Federasiyasının binasında axtarışlar aparıldıqdan sonra verilib. İstintaq İspaniya Milli Məşqçilik Məktəbinin prezidentinin Luis Rubialesə və “Barselona”nın keçmiş futbolçusu Jerar Pikeyə qarşı biznes korrupsiyası və ədalətsiz idarəçilik iddiaları ilə bağlı şikayətindən sonra başlayıb.

Daha sonra məlum olub ki, İspaniya Super Kubokunu keçirməyə görə Jerar Pikenin nəzarətində olan şirkətə 24 milyon avro məbləğ ödəmək üçün Luis Rubialesin Səudiyyə Ərəbistanı hakimiyyətinə təzyiq göstərdiyini təsdiqləyən sənədlər var.

Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması əlamətlərinin olduğu vurğulanıb. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro məbləğində qazanc əldə edir.

Bütün bu işlər Luis Rubialesin rəhbər vəzifəni tutduğu vaxt baş verib. Güman edilir ki, sabiq prezident bütün bunlardan xəbərsiz ola bilməzdi.

Bundan əlavə, prokurorluq Luis Rubialesin İspaniyanın qadınlardan ibarət futbol komandasının üzvü Cennifer Ermoso ilə bağlı öpüş qalmaqalına görə 2,5 il həbs cəzasına məhkum edilməsini istəyib.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il FIFA Dünya Kubokunun qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi mərasimi zamanı Luis Rubiales Cennifer Ermosonun dodaqlarından busə alıb. Bu hadisədən sonra Rubiales ictimai qınağa məruz qalıb. Üstəlik, bu hadisə Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: