Luis Rubiales: “Seksual məqsədim yox idi”

İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales Cennifer Ermoso ilə məlum “öpüş qalmaqalı”na dair dilə gəlib.

Arena.az İspaniyanın nüfuzlu “Marca” nəşrinə istinadən məlumat verir ki, Rubiales hər şeyin birdən-birə onun əleyhinə döndüyü məlum xoşagəlməzlikdə ədalətin dəlillərlə əsaslandırılmasını istəyib:

“Seksual cinayətkar sual vermir. Heç bir seksual məzmun yox idi. O, mənə hər şeyin qaydasında olduğunu dedi, amma sonra fikrini dəyişdi. Heç bir aqressiya yox idi. Cennifer özü dərhal təkziblə çıxış etdi. Xanım Ermoso sonda hekayəsini dəyişdi. Onun sözlərinə şübhə etmək olmaz, amma mənimkinə şübhə etmək olar? Kişi olduğum üçünmü? Onlar düşüncə azadlığını məhdudlaşdırmaq istəyirlər. Heç kim onun təzyiq altında olduğunu sübut edə bilməz. İstədiyinizi deyə bilərsiniz, amma ispan ədaləti dəlillərə əsaslanır”, deyə Rubiales vurğulayıb.

Daha əvvəl prokurorluq Luis Rubialesin İspaniyanın qadınlardan ibarət futbol komandasının üzvü Cennifer Ermoso ilə bağlı öpüş qalmaqalına görə 2,5 il həbs cəzasına məhkum edilməsini istəyib.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il FIFA Dünya Kubokunun qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi mərasimi zamanı Luis Rubiales Cennifer Ermosonun dodaqlarından busə alıb. Bu hadisədən sonra Rubiales ictimai qınağa məruz qalıb. Üstəlik, bu hadisə Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: