Luis Yordan Beyer üçün 15 milyon avro ödədilər

Bu mövsümün əvvəlindən icarə əsasında İngiltərənin “Börnli” komandasında forma geyinən Luis Yordan Beyer bu klubda qalmağa qərar verib. Arena.az xəbər verir ki, bu mövsüm Çempionşipin qalibi olmaqla növbəti mövsümdən İngiltərə Premyer Liqasına vəsiqəni təmin edən klub almaniyalı futbolçunun transfer hüquqlarını alıb.

Bu barədə “Börnli”nin rəsmi saytı məlumat yayıb. Vensan Kompaninin çalışdırdığı komandada uğurlu mövsüm keçirən mərkəz müdafiəçi müqavilə ilə Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubuna məxsus idi. İngiltərə klubu Beyerin transferi üçün Bundesliqa təmsilçisinə 15 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə iyunun 1-dən qüvvəyə minəcək 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Luis Yordan Beyer “Börnli”yə 2022-ci ilin sentyabr ayında icarə əsasında keçmişdi. O, bu mövsüm sözügedən komandada 35 oyuna çıxıb. Alman futbolçu bu görüşlərdə 1 qol və 2 məhsuldar ötürmə müəllifi də olub.

Mönhenqladbax “Borussiya”sının öz yetirməsi olan Beyer, bu klubun əsas komandasında 36 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Börnli”dən öncə icarə əsasında ölkəsinin “Hamburq” klubunun da uğurları üçün çalışıb – 11 oyun. Müdafiəçi Almaniyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: