Luka Modriç – DÇ tarixinin ən yaşlı assist müəllifi!

Futbol üzrə Xorvatiya milli komandasının yarımmüdafiəçisi və kapitanı Luka Modriç dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Qana üzərində 2:1 hesablı qələbə ilə başa çatmış matçda məhsuldar ötürmə müəllifi olub.

40 yaşlı futbolçu Nikola Vlaşiçin vurduğu ikinci qolda assist edərək dünya çempionatları tarixində qol ötürməsi edən ən yaşlı oyunçu adına sahib çıxıb. Luka Modriç bu rekordu 40 yaş 291 günlüyündə reallaşdırıb.

Bununla da xorvatiyalı futbolçu Braziliya millisinin sabiq müdafiəçisi Tyaqo Silvaya məxsus rekordu yeniləyib. Tyaqo Silva DÇ-2022-də Cənubi Koreya ilə qarşılaşmada 38 yaş 74 günlüyündə məhsuldar ötürmə vermişdi.

Qeyd edək ki, Xorvatiya millisi Qana üzərində qələbə sayəsində DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanıb. Sözügedən komandanı bu mərhələdə Portuqaliya ilə görüş gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: