Luka Modriç Messinin həmklubu ola bilər – Ançelotti narazıdır?

Xorvatiya millisinin və Madrid “Real”ının mərkəz yarımmüdafiəçisi Luka Modriç qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Arena.az bu barədə “Todofichajes” portalına istinadən məlumat verir.

“İnter Mayami” veteran xorvat yarımmüdafiəçinin xidmətində maraqlıdır. MLS təmsilçisi qışda futbolçuya təklif göndərməyi nəzərdə tutur. Vurğulanır ki, Modriç özü mövsümü “Real”da bitirmək niyyətində idi, amma daha çox oyun vaxtı almaq məqsədilə fikrini dəyişə bilər.

Elə, bu mənzərə qarşısında “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti Modriçə dair maraqlı açıqlaması ilə şayiələrə inanmağa əsas verəcək kələfin ucunu mətbuatın əlinə verib:

“Luka Modriçlə hər şey qaydasındadır, biz onunla əlaqə saxlayırıq. Bəli, mən hamı ilə danışdığım kimi, onunla da danışıram. Bizim çox yaxşı şəxsi münasibətimiz var. Peşəkar nöqteyi-nəzərdən danışsaq, bəzən elə olur ki, Modriç əvvəlki kimi oynamır. Amma bizim insani münasibətlərimiz həmişə fantastik olacaq, hətta hamımız komandanı tərk etsək belə”, deyə “Madrid Universal” “Papa Karlo”dan sitat gətirir.

Müvafiq açıqlama KİV-də birmənalı qarşılanmasa da, Modriçin “Real”dakı gələcəyinə kölgə salıb. Yenicə başlamış cari mövsümün əvvəlində də Modriç “qaymaqlılar”ın heyətində nisbətən az oyun vaxtı alması səbəblilə azacıq gileylənmişdi.

38 yaşlı Luka Modriç yenicə başlamış cari mövsümdə “Real”ın heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Maraq üçün bildirək ki, xorvat yarımmüdafiəçi ötən mövsüm “Real”ın heyətində 52 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Modriçin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Xorvat yarımmüdafiəçi bu yaşında da “Real”ın yarımmüdafiə xəttinin lideridir və madridlilərə qoşulduğu 2012-ci ilin avqustundan həmişə bu mövqedə olub.

Xorvat yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümükün əsas klub turnirlərində qalib olub. Modriçin “Real”la qazandığı 23 qənimətə 5 Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Luka Modriç kapitanı olduğu Xorvartiya yığmasında 168 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: