“Real”ın mərkəz yarımmüdafiəçiləri – xorvat Luka Modriç və alman Toni Kroos Madrid təmsilçisini tərk etmək gerçəyi ilə üz-üzədirlər.
Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, futbolçuları narahat edən məqam onların meydandakı oyun vaxt ilə əlqədardır. Ötən mövsümlə müqayisədə yarımmüdafiəçilərin meydanda oyun vaxtı demək olar ki, yarıya qədər azalıb. Hər iki futbolçu yaranmış vəziyyətdən narazıdır. Komandanın əsas yarımmüdafiəçiləri meydanda aparıcı mövqeyini saxlamaq istəyirlər.
Modriç karyerasını “Real”da bitirmək istəyi ilə müqaviləsini yeniləsə də, oyun vaxtı ala bilmədiyini əsas gətirərək giley-güzar etmişdi. Kroos isə karyerasına xitam verməməkdə məqsədinin rotasiya oyunçusuna çevrilmək deyil, oynamaq istəyi olduğunu narazılıqla ifadə edib.
Modriçlə Kroosun “Real” karyerası rəqəmlərin gözü ilə
38 yaşlı Luka Modriç yenicə başlamış cari mövsümdə “Real”ın heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Maraq üçün bildirək ki, xorvat yarımmüdafiəçi ötən mövsüm 52 oyuna çıxıb, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 494 oyun, 37 qol, 77 məhsuldar ötürmə.
Modriçin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümükün əsas klub turnirlərində qalib olub. Onun “Real”la qazandığı 23 qənimətə 5 Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Təcrübəli futbolçu kapitanı olduğu Xorvartiya yığmasında 168 oyuna 24 qol vurub, 27 məhsuldar ötürmə verib.
Toni Kroos da Madridə gəldiyi gündən “Real” yarımmüdafiəsinin özülüdür. Alman yarımmüdafiəçi 2014-cü ildən “Real”da çıxış edir və müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədir.
Kroos yenicə başlamış cari mövsümdə “qaymaqlılar”ın heyətində 6 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
Ötən mövsüm isə alman yarımmüdafiəçi madridlilər üçün 52 oyunda tər töküb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 423 oyun, 27 qol, 90 məhsuldar ötürmə.
Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman yarımmüdafiəçinin xəzinəsində “qaymaqlılar”la 3 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Super Kuboku, 4 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 20 qəniməti var.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 106 oyuna 17 qol vurub, 19 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığmada çıxışına 2021-ci ildə xitam verib.
“Transfermarkt” internet-portalı veteranları – 38 yaşlı Modriçi 10 milyon avro, 33 yaşlı Kroosu isə 15 milyon avro məbləğində qiymətləndirir.


