“Milan”ın argentinalı sağ cinah vingeri Luka Romero icarə müqaviləsi əsasında İspaniyanın “Almeriya” klubuna keçib.
Arena.az bu barədə La Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər razılaşdırılıb.
Luka İspaniyanın “Formentera” klubunda futbola qədəm qoyub. Burada “Sant Xordi” və ardınca “Malyorka”ya yol tapıb. Burada püxtələşmiş Romero “Latsio”nun diqqət mərkəzinə düşərək, İtaliyaya yollanıb. 2023-cü ilin iyulunda isə “qartallar”dan azad agent qismində ayrılmış Romero “Milan”ın düşərgəsinə keçib.
Cari mövsümün ilk yarısında Luka “rossoneri”nin heyətində 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Luka Romero Argentina yığmasının əsas heyətinə dəvət alsa da, hələ debüt imkanı qazanmayıb. Luka “albiseleste”nin U-15, U-16, U-17, U-20 yığmalarından keçib.
“Transfermarkt” internet-portalı 19 yaşlı argentinalı vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


