Luka Romero “Milan”ı tərk etdi – Yenə La Liqa klubuna görə

İtaliyanın “Milan” klubunun argentinalı sağ vingeri Luka Romero bundan sonra “Alaves” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İspaniya klubu 19 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Romeronun “Milan”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Peşəkar karyerasına “Malyorka”da başlamış Luka Romero İtaliyada “Latsio”nun da şərəfini qoruyub. “Milan” onu 2023-cü ilin iyul ayında heyətinə qatsa da, gənc futbolçu bu klubun əsas komandasında cəmi 5 oyuna çıxıb. Bu üzdən də argentinalı vinger ötən mövsümün ikinci dövrəsini İspaniyanın “Almeriya” klubunda icarədə keçirib. Luka Argentinanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb, hazırda isə U-20-yə dəvət alır.

“Milan” mərkəz müdafiəçisi Yan-Karlo Simiçi isə Belçikanın “Anderlext” klubuna satıb. İtaliya klubu bu satışdan 3 milyon avro gəlir əldə edib. Almaniya vətəndaşlığına da malik olan 19 yaşlı serbiyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

“Ştutqart”ın yetirməsi olan Simiç 2022-ci ildən “Milan”da olsa da, bu klubun əsas komandasında cəmi 6 oyuna çıxıb və 1 qol da vurub. O, Serbiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə hələ debüt etməyib.

Yeri gəlmişkən, “Milan”dan Luka Romeronu heyətinə cəlb edən “Alaves” “Selta”nın sol cinah müdafiəçisi Manu Sançesi də icarəyə götürüb. Bir illik icarəyə götürülmüş 23 yaşlı ispan futbolçunun transfer hüquqlarının alınması nəzərdə tutulmayıb.

Manu Sançes Madrid “Atletiko”sunun yetirməsidir. “Osasuna”da da oynamış müdafiəçi “Selta”ya ötən ilin yayında cəlb olunmuşdu. O, bu komandanın heyətində 28 oyuna çıxıb, 5 assistlə yadda qalıb.

“Alaves”in iki futbolçusu – mərkəz müdafiəçisi Stefane Kellerlə gürcü hücumçu Georgi Qaqua isə Xorvatiyanın “İstra” klubuna keçib. 22 yaşlı Qaqua yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Keller isə qarşıdakı mövsümün sonuna kimi “İstra”da icarədə oynayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: