Lukas Daşner gəldi, 9 futbolçu ilə yollar ayrıldı

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Bohum” klubu “Sankt Pauli”nin yarımmüdafiəçisi Lukas Daşner ilə güclənib.

Arena.az xəbər verir ki, elita təmsilçisi əvvəlki klubu ilə müqaviləsinin müddəti bu ayın sonuna qədər olan 24 yaşlı futbolçunu azad agent kimi heyətinə qatıb.

Onunla müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulmuş 3 illik müqavilə imzalanıb.

Lukas Daşner “Duysburq”un yetirməsidir. 2017-2020-ci illər aralığında bu komandanın heyətində 56 oyuna 14 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. 2020-ci ilin avqustundan isə o, “Sankt Pauli”də çıxış edirdi. O, bu klubun forması altında da 73 matç keçirib, 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bohum” qapıçısı Pol Qrave ilə də yeni müqavilə bağlayıb. 22 yaşlı qolkiperin klubla sözləşməsi bu yay bitirdi. Tərəflər 2 illik yeni müqaviləyə imza atıblar.

Pol Qrave “Bohum”un öz yetirməsidir. Amma o, indiyə qədər bu klubun əsas komandasında debüt şansı qazanmayıb. Məhz forma şansı qazana bilmədiyinə görə o, “Vuppertaler” komandasına icarəyə göndərilib. Alman qapıçı 2023/2024 mövsümünü məhz bu klubda icarədə keçirəcək.

“Bohum” 9 futbolçusu ilə də yollarını ayırdığını açıqlayıb. Klub adları aşağıda göstərilmiş futbolçulara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb:

Vasilios Lampropulos, Silvere Qanvula, Konstantinos Stafilidis, Dominik Haynts, Saydi Yanko, Marko Yohansson, Pyerr Kunde Malonq, Keven Şlotterbek, İvan Ordets.

Xatırladaq ki, Dominik Haynts “Union Berlin”dən, Saydi Yanko “Valyadolid”dən, Yarko Yohansson “Hamburq”dan, Pyerr Kunde Malonq “Olimpiakos”dan, Keven Şlotterbek isə “Frayburq”dan icarəyə götürülmüşdü. Onların hamısı müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: