Lukas Hernandes rəsmən PSJ-də – 45 milyonluq transfer

Almaniya çempionu “Bayern”in 27 yaşlı fransız müdafiəçisi Lukas Hernandes Fransa nəhəngi PSJ-yə transfer olunub.

Arena.az bu barədə sözügedən klubların rəsmi saytlarına istinadən xəbər verir.

Hernandes PSJ ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb. O, yeni komandasında 21 nömrəli formanı geyinəcək.

PSJ yeni müdafiəçisinin transferi üçün “Bayern”ə 45 milyon avro ödəyəcək.

Xatırladaq ki, Lukas Hernandes 2019-cu ilin yayından “Bayern”də forma geyinirdi. Almaniya nəhəngi həmin vaxt onu Madrid “Atletiko”sundan 80 milyon avroya transfer etmişdi.

Geridə qalmış 2022/2023 mövsümündə Hernandes münhenlilərin heyətində 11 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatda qrup mərhələsinin 1-ci turu çərçivəsində Fransa yığmasının Avstraliyaya qarşı keçirdiyi oyunda (4:1) çarpaz diz bağlarının zədələnməsi ilə sıradan çıxaraq, mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirmək məcburiyyətində qalmışdı.

Ümumilikdə Lukas “Bayern”in heyətində 107 oyuna çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.

Hernandes Fransa yığması ilə DÇ-2018-in və 2021 mövsümündə Avropa Millətlər Liqasının qalibi olub. Həmçinin müdafiəçi DÇ-2022-nin gümüş mükafatçısıdır.

Klub səviyyəsində Hernandes “Bayern”lə 2019/2020 mövsümündə UEFA Çempionlar Liqasının, 2020 UEFA Super Kubokunun, 2020 FIFA Klub Dünya Kubokunun, həmçinin 4 dəfə Bundesliqanın, 1 dəfə Almaniya Kubokunun və 2 dəfə Almaniya Super Kubokunun qalibi olub.

“Bayern”ə qədər Lukas Ernandes Madrid “Atletiko”sunda çıxış edib, “döşəkçilər”lə 2017/2018 mövsümü Avropa Liqasını, 2018 UEFA Super Kubokunu qazanıb, 2015/2016 mövsümündə UEFA Çempionlar Liqasının finalçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: