“Real”ın ispan sağ cinah müdafiəçisi Lukas Vaskes daha bir mövsüm bu klubun düşərgəsində qalacaq və madridlilərin şərəfini qoruyacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
“Real” Lukas Vaskeslə müqaviləsinin müddətini 2025-ci ilin iyun ayının sonuna qədər yeniləyib. Razılığın maliyyə tərəfi haqda məlumat isə açıqlanmayıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
Lukas Vaskes futbola İspaniyanın “Ural” klubunda qədəm qoyub. Buradan 2007-ci ilin iyulunda “Real”a keçmiş Vaskes o vaxtdan bəri Madrid klubunun sistemindədir. Müdafiəçi “Real”ın əsas komandasına keçirilməmişdən öncə, bir müddət “Espanyol”da icarədə olub. 2015-ci ildən isə Vaskes “Real”a qayıdıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lukas Vaskes “Real”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 3 qol vurub və 8 məhsudlar ötürmə verib. Vaskesin “Real”ın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 349 oyun, 36 qol, 65 məhsuldar ötürmə.
Lukas Vaskes 2016-cı ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Lukas Vaskesin qənimətlər muzeyində 4 İspaniya La Liqası, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 3 UEFA Super Kuboku, 3 FIFA Klub Dünya Kuboku var.
“Transfermarkt” internet-portalı 33 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.



