Məhəmməd Salah Premyer Liqanın ən səmərəli futbolçusudur

Premyer Liqanın 20-ci turu çərçivəsində “Nyukasl”a qarşı oyun (4:2) “Liverpul”un misirli vingeri Məhəməd Salah üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Salah “qırmızılar”ın qələbəsinə 1-i penaltidən olmaqla, 2 qol 1 məhsuldar ötürmə ilə töhfəsini verib.

Salah Premyer Liqanın ən sərrast futbolçuları siyahısında zirvəyə yüksəlib. İndi Salahın hesabında 14 qol var və o, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandla eyni miqdarda qol vursa da, “qolçu vikinq”i məhsular ötürmələrin sayında üstləyir. Salahın hesabında 8, Halandın hesabında isə 4 məhsuldar ötürmə var.

Beləcə, indi Salah qollar və məhsuldar ötürmələr cəmində 22 xalla Premyer Liqanın cari mövsümünün ən səmərəli futbolçusudur.

Oyuna gəlincə, misirli hücumçu “qırmızlar”ın “Enfild”dəki möhtəşəm qələbəsinə münasibətini açıqlayıb:

“Bu, çox gərgin oyundan sonra əla nəticədir. Sakit qalmalıyıq və hər oyunda belə oynamalıyıq. İnanırıq ki, çempionluğu qazana bilərik. Biz məşqdə çalışmalı və bunu meydanda ifadə etməliyik”, – BBC Salahdan sitat gətirir.

Salah oyunun birinci hissəsində qaçırdığı penalti məqamı ilə bağlı sualı da cavablayıb:

“İlk penalti zamanı qapıçı tərpəndiyi üçün çaşqın qaldım. İkinci penaltini isə məşqdəymişəm kimi vurdum.

Penaltini qaçırdığım butslarla mən ancaq dünən məşqə başlamışam. Bu, xurafat deyil, amma mən onları dəyişmək istədim. Mən onları dəyişdim və sakitləşdim”, Salah bildirib.

Qələbə sayəsində “Liverpul” 45 xalla Premyer Liqanın turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub. “Nyukasl” 29 xalla 9-cu pillədə qərarlaşıb.

Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 27 oyuna 18 qol vurub, 9 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 332 oyun, 204 qol, 88 məhsuldar ötürmə.

Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasında 93 oyun keçirib, 53 qol vurub, 30 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: