Madrid “Atletiko”su üçün ÇL-də tarixi qələbə

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 4-cü turunun “Seltik”lə ev oyunu Madrid “Atletiko”su üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Şotlandiya təmsilçisini 6:0 hesabı ilə məğlub edən İspaniya klubu UEFA Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb.

Madridlilərin buna qədər ən uğurlu matçı 2014-cü ildə “Malmö” (İsveç) üzərində 5:0 hesablı qalibiyyət olmuşdu. Komanda 1958-ci ildə Avropa Kubokunda “Drumkondra”nı (İrlandiya) 8:0 hesabı ilə üstələmişdi.

“Seltik”lə qarşılaşmada dubl edən Antuan Qrizmann karyerasında ilk dəfə ÇL-in ardıcıl 3 görüşündə qol vurub. Bu, fransalı forvardın avrokuboklarda 100-cü matçı idi (Çempionlar Liqasında 91, Avropa Liqasında 8, UEFA Super Kubokunda 1 oyun). O, “Real Sosyedad”da 8, “Barselona”da 16, “Atletiko”da 76 avrokubok qarşılaşmasına çıxıb.

Madrid “Atletiko”su “Vanda Metropolitano”da keçirdiyi son 16 oyunda qalib gəlib (La Liqada 14, UEFA Çempionlar Liqasında 2). Bu, 2012-2013-cü illər aralığında ardıcıl 20 qələbədən (“Visente Kalderon”da) sonra rəsmi matçlarda evdə əldə edilən ən uzun ikinci uğurlu seriyadır.

“Seltik” isə ÇL-də ən ağır ikinci məğlubiyyətini alıb. Şotlandlar 2017-ci ildə Fransa təmsilçisi PSJ-yə 1:7 hesabı ilə uduzmuşdu. Ən ağır yenilgi 2016-cı ilə təsadüf edib. Həmin vaxt İspaniya nəhəngi “Barselona” “Seltik”i 7 cavabsız qolla üstələyib.

Yeri gəlmişkən onu da xatırladaq ki, İspaniyanın digər təmsilçisi “Barselona” Ukraynanın “Şaxtyor” klubuna 3-cü dəfə məğlub olub – 0:1. Kataloniyalılar 2004-cü ildə Donetskdə 0:2, 2008-ci ildə evdə 2:3 hesabı ilə bu rəqibə uduzmuşdular. Çempionlar Liqasında yalnız 4 klub “Barsa”nı daha çox məğlub edib. Almaniya “Bayern”i 10 dəfə İspaniya nəhənginə məğlubiyyət acısı yaşadıbsa, “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və PSJ (Fransa) hərəyə 4 dəfə bu rəqibi üstələyiblər.

“Barselona”ya 1:0 hesabı ilə qalib gələn “Şaxtyor” avrokuboklarda 17 oyundan sonra ilk dəfə qol buraxmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: