Madrid “Real”ı Səudiyyə Ərəbistanında təşkil olunmuş futbol üzrə İspaniya Super Kubokunun 2023-cü il mövsümünün qalibi olub.
Arena.az xəbər verir ki, həlledici matçda paytaxt təmsilçisinin rəqibi əzəli rəqibi “Barselon”a olub.
Məhsuldar keçən matçın yekununda Madrid klubu 4:1 hesablı qələbəyə sevinib. 7-ci dəqiqədə hesabı açan Vinisius Junior bundan cəmi 3 dəqiqə sonra dublunu da rəsmiləşdirib. 33-cü dəqiqədə Kataloniya təmsilçisinin polşalı hücumçusu Robert Levandovski hesab arasındakı fərqi azaltsa da, Vinisius Junior 39-cu dəqiqədə növbəti dəfə diqqət mərkəzinə düşüb. O, bu dəfə penaltidən fərqlənməklə özünün və komandasının üçüncü qolunu vurub. 64-cü dəqiqədə isə Rodriqo “Barselona”ya daha bir qol vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib – 4:1. 71-ci dəqiqədə kataloniyalıların heyətində Ronald Arauxonun ikinci sarı vərəqədən sonra “qırmızı” almaqla meydandan qovulması “Barselona”nın məğlubiyyətdən xilas olmaq şanslarının üstündən tamamilə xətt çəkib.
Beləliklə, “Real” tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanıb. “Qaymaqlılar” 1988, 1989, 1990, 1993, 1997, 2001, 2003, 2008, 2012, 2017, 2019/20 və 2021/22 mövsümlərində də bu titula sahib çıxmışdılar. Madrid təmsilçisi bu baxımdan yalnız “Barselona”dan geri qalır. Kataloniyalılar 14 kubokla turnirin rekordçusu olaraq qalırlar.
Xatırladaq ki, bu mövsüm də futbol üzrə İspaniya Super Kuboku dörd komandanın iştirakı ilə keçirilib. Yarımfinalda Madrid “Real”ı paytaxtın digər təmsilçisi “Atletiko”nu 5:3 hesabıyla üstələmişdi. “Barselona” isə “Osasuna” üzərində 2:0 hesabıyla qələbə qazanaraq finala çıxmışdı.


