Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 34-cü turu çərçivəsində “Osiyek”lə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun növbəti qələbəsiylə yekunlaşıb. Emrelinin komandası 73-cü dəqiqədə vurduğu yeganə qolla 3 xal qazanıb.
Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün uzun müddətdir komandasına kömək edə bilmir. Düzdür, uzun fasilədən sonra onun adı bu matçın iştirak ərizəsinə daxil edilib. Amma futbolçumuz sonadək ehtiyatda qalıb.
“Dinamo” 34 oyuna topladığı 78 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Zaqreb təmsilçisi sona iki tur qalmış artıq çempionluğunu da təmin edib. Buna “Dinamo”nun əsas izləyicisi “Riyeka”nın bu turda növbəti məğlubiyyətlə üzləşməsi səbəb olub. Bu komanda 71 xalla 2-ci pillədə qalıb.
Qeyd edək ki, bu, Zaqreb “Dinamo”sunun sayca 25-ci Xorvatiya çempionluğudur. Mahir Emreli isə karyerasında üçüncü dəfə Xorvatiya çempionu adını qazanıb.
Xatırladaq ki, Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.


