Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Kayzerslautern”in son oyunlarında meydana çıxmamasına münasibət bildirib.
Arena.az xəbər verir ki, 28 yaşlı hücumçunun adı 2-ci Bundesliqanın 7-cu turunda “Paderborn”la səfər matçında (0:2) da iştirak ərizəsində olmayıb.
Bununla da o, baş məşqçinin qərarı ilə ardıcıl 4 çempionat oyununu buraxmalı olub. Emreli Almaniyanın “Rheinpfalz” qəzetinə açıqlama verib və haqqındakı söhbətlərdən narazılığını ifadə edib:
“Komanda ardıcıl 3 qələbə qazandı, amma hamı “Kayzerslautern”nin uğurlarını qeyd etmək əvəzinə mənim barəmdə yazır”.
Azərbaycanlı futbolçu əlavə edib ki, baş məşqçi Torsten Liberknextlə heç bir problemi yoxdur:
“Mənim məşqçiyə qarşı heç bir narazılığım yoxdur. Aramızda heç vaxt mübahisə və ya neqativ söhbət olmayıb. Mən ona və ümumiyyətlə, bütün məşqçilərə hörmətlə yanaşıram”.
Bununla yanaşı Azərbaycan millisinin üzvü hələ də Liberknextin oyun üslubuna öyrəşməyə çalışdığını etiraf edib: “Bu mövsüm “Kayzerslautern” başqa taktiki sxemlə, daha çox uzun ötürmələrlə oynayır. Mən buna öyrəşməli oldum və hələ də uyğunlaşmağa çalışıram. Bu, əvvəlki mövqelərimdə alışdığım futbol deyil”.
Xatırladaq ki, Mahir Emreli bu yay “Kayzerslautern”lə 3 illik müqaviləyə imza atıb. O, Almaniya klubunun heyətində cəmi 3 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


