Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 31-ci tur çərçivəsində baş tutan “İstra” ilə matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb və 3:0 hesablı qələbəyə sevinib. Mahir bu görüşə start heyətdə başlayıb və 72-ci dəqiqəsində əvəzlənib.
“Dinamo”nun bu oyundakı sonuncu qolunu da məhz Emreli vurub. O, 50-ci dəqiqədə fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdirib. Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubundakı ikinci qoludur. Mahir ilk qolunu bundan əvvəlki “Riyeka” ilə səfər matçında vurmuşdu.
Bu nəticədən sonra xalını 66-ya çatdıran “Dinamo” vahid liderdir. Komandanın ehtiyatda da bir oyunu var.
Xatırladaq ki, Mahir Emreli bu mövsümün qış fasiləsində Polşa “Legiya”sından “Dinamo”ya transfer olunub.


