Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 17-ci tur çərçivəsində baş tutan “Riyeka” ilə matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Doqquz qolun qeydə alındığı matçın yekununda sevinən tərəf “Dinamo” olub – 7:2. Mahir Emreli bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb. O, elə həmin dəqiqədə, meydana daxil olan kimi rəqib qapısına qol vurub. Azərbaycanlı futbolçu 73-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. 85-ci dəqiqədə isə o, daha bir qol vurmaqla dublunu da rəsmiləşdirib.
Son Xorvatiya çempionu olan “Dinamo” 17 turdan sonra 41 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ehtiyatda təxirə salınmış bir oyunu da var.


