“Kayzerslautern”ə keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında söyləyib:
“Kayzerslautern” böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm “Nürnberq”in heyətində çıxış edərkən “Kayzerslautern” stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm”.
Xatırladaq ki, Mahir Emreli bu gün “Kayzerslautern” klubu ilə 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu 2-ci Bundesliqa təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.
Mahir 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


