Mahir Emreli: “Nürnberq” karyeram çox gözəl alındı”

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında 34-cü turun rəmzi komandasına düşüb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunmuş “11-lik”də hücumun mərkəzində yer alıb.

Emreli Braunşveyq “Ayntraxt”ına 4:1 hesabı ilə qalib gəldikləri səfər görüşündə het-trikə imza atıb. O, bütün qolları ilk hissədə rəqib qapısından keçirib və 84-cü dəqiqədə əvəzlənib. Mahir mövsümün sonuncu oyununda sarı vərəqə də alıb.

Yeri gəlmişkən, Mahir Emreli yollarını ayırdığı Almaniyanın “Nürnberq” klubu ilə bağlı fikirlərini bölüşüb. 27 yaşlı hücumçu bu barədə “Bild” nəşrinə açıqlama verib. O, het-trikə imza atdığı “Ayntaxt”la görüşdən sonra bunları deyib:

“Nürnberq” karyeram qısa, lakin çox gözəl alındı. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam”.

Emreli gələcək planları barədə də danışıb:

“Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi “Nürnberq”ə yönəltmək mənim üçün vacib idi”.

Qeyd edək ki, mövsümün əvvəlində 2-ci Bundesliqa təmsilçisinə keçmiş Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə adı açıqlanmayan Bundesliqa klubunun və “Kayzerslautern”in maraqlandığı deyilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: