Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 9-cu turu çərçivəsində baş tutan “Qroyter Fürt” ilə matçın iştirakçısı olub.
Nürnberqlilər səfərdə baş tutan bu oyunda 4:o hesablı qələbəyə seviniblər. Mahir start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə, hesab 3:0 olarkən əvəzlənib. Komandasının ilk qolunu da məhz Mahir vurub. O, 13-cü dəqiqədə təxminən 25 metrlik məsafədən qapını dəqiq nişan almaqla gözəl qola imza atıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub.
Qeyd edək ki, Mahir əvəzlənməsindən 6 dəqiqə öncə, qarşılaşmanın 56-cı dəqiqəsində sarı vərəqə də alıb.
“Nürnberq” 9 oyuna topladığı 13 xalla hazırda 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 4 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını oktyabrın 25-də doğma meydanda “Regensburq”a qarşı keçirəcək.
Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 4 rəsmi matça çıxıb, 1 qol vurub.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 5 qol vurub.


