Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubundan ayrılaraq Polşa təmsilçisi “Rakuv”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Polşa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, “Rakuv” Mahiri “Kayzerslautern”dən satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Tərəflər arasındakı müqavilənin digər detalları açıqlanmırş
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.
Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.



