Mahir Emreli üçün 76 dəqiqə və 3 xal

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 32-ci tur çərçivəsində baş tutan “Qoritsa” ilə matçın iştirakçısı olub.

Zaqreb təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşmanın taleyini bir qol həll edib. Zaqreblilər 86-cı dəqiqədə vurduqları qol sayəsində meydanı 3 xalla tərk ediblər. Mahir bu görüşə start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra 69 xala malik “Dinamo” vahid liderliyini qoruyub. Zaqreblilərin ən yaxın izləyicisi “Osiyek” isə bu tur səfərdə “Riyeka”ya 1:3 hesabıyla uduzduğu üçün 64 xalda qalıb.

Xatırladaq ki, Mahir Emreli bu mövsümün qış fasiləsində Polşa “Legiya”sından “Dinamo”ya transfer olunub. O, Zaqreb təmsilçisinin heyətində indiyə qədər keçirdiyi 7 oyunda 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: