Mahir Emreli: “Xarakterimi və səbrimi sınadım”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində növbəti dəfə Xorvatiya çempionu olmasını şərh edib.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu sosial şəbəkə hesabında Xorvatiya çempionu olduğu üçün sevindiyini yazıb:

“Mövsümə çox yaxşı başlamışdım. Lakin uzun müddətli zədələr məndən əl çəkmədi. Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım. Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım. Bu, karyeramın ən vacib anları idi. “Dinamo”da olmaqdan və mükafatlar qazanmaqdan çox məmnunam”, – deyə azərbaycanlı futbolçu bildirib.

Xatırladaq ki, “Dinamo” Xorvatiya çempionatında 2023/2024 mövsümünü 82 xalla 1-ci pillədə başa vurub. Xorvatiya Kubokunu da qazanan Zaqreb təmsilçisi “qızıl dubl”a imza atıb.

Azərbaycanlı futbolçu da öz növbəsində 3-cü dəfə Xorvatiya çempionu olub. O, bundan əvvəlki mövsümlərdə də “Dinamo”nun heyətində çempionluq sevinci yaşamışdı. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi olub.

Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Bu ilin yanvar ayında ağır zədə almış millimizin futbolçusu yalnız mövsümün son oyunlarından bir neçəsində forma geyinmək şansı qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: