Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun klubu Almaniya İkinci Bundesliqasının 26-cı turu çərçivəsində “Qroyter Fürt”lə qarşılaşıb.
Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıblar – 3:0.
Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Emreli sonadək ehtiyatda qalıb.
“Nürnberq” 26 oyuna topladığı 41 xalla hazırda 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 12 qələbə qazandığı halda 5 heç-heçə edib, 9 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını martın 30-da səfərdə “Regensburq”a qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 16 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.


