Mahir Emrelinin komandası “qızıl dubl”a imza atdı – Video

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə kubokunun 2023/2024 mövsümünün finalı çərçivəsində bu gün “Riyeka” ilə qarşılaşıb.

Bu komandaların ilk final görüşü “Dinamo”nun meydanında baş tutmuşdu və qolsuz yekunlaşmışdı. “Riyeka”nın meydanında keçirilən cavab görüşündə isə dörd qol qeydə alınıb. Yekunda inamlı qələbəyə (3:1) sevinən zaqreblilər ölkə kubokunu da qazanmaqla “qızıl dubl”a imza atıblar. Belə ki, Mahirin komandası bir neçə gün öncə Xorvatiya çempionatının da qızıl medallarını təmin etmişdi.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə keçirdiyi 23 oyunda 5 qol və 5 məhsuldar ötürməsi olan Mahir Emrelinin adı kubok oyununun iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, bu, “Dinamo”nun Xorvatiya Kubokunda 16-cı zəfəridir. Zaqreb təmsilisi 7 finalda da məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 46 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: