Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb.
Arena.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığmamızın üzvü 1/8 final çərçivəsində Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.
Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib. Malik bu qələbə ilə İtaliyanın Busto Arsizio şəhərində keçirilən Birinci Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub etmiş yapondan revanş da alıb.
Boksçumuz növbəti görüşdə də qalib gələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Malik Həsənov mayın 31-də baş tutacaq 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) sınağa çəkəcək.
Xatırladaq ki, hələlik boks millimizin hesabında 3 lisenziya var.


