Malkom satıldı, Rusiyanın futbol tarixinə düşdü

Sankt-Peterburq “Zenit”inin braziliyalı yarımmüdafiəçisi Malkom 60 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Arena.az bu barədə “Əl-Hilal”ın rəsmi saytına istinadən xəbər verir.

26 yaşlı braziliyalı “Əl-Hilal”la 4 illik – 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Razılaşma sazişinin imzalanma mərasimi dünən – iyulun 26-da Parisdə keçirilib.

”Zenit”in idarə heyətinin sədri Aleksandr Medvedev daha əvvəl transferin məbləğinin 60 milyon avro olduğunu təsdiqləyib. Malkomun “Əl-Hilal”da illik maaşı 18 milyon avro olacaq.

Malkomun transferi Rusiya futbolu tarixində ən bahalı satışdır. Buna qədər Rusiya futbolunun ən bahalı satış transferi 2016-cı ildə “Zenit”in braziliyalı Halkı 56 milyon avroya “Şanxay SIPG” klubuna transferi olub.

Malkom 2019-cu ilin yayında 40+5 milyon avro sxemi və gələcək satışların 1%-i müqabilində “Barselona”dan “Zenit”ə keçmişdi. Braziliyalı yarımmüdafiəçi Sankt-Peterburq klubu ilə 9 kuboka sahib olub – 4 dəfə Rusiya çempionluğunu, 4 dəfə ölkə superkubokunu, həmçinin ölkə kubokunu qazanıb.

Malkom “Zenit” karyerası boyunca 109 oyuna çıxıb, 42 qol vurub, 24 məhsuldar ötürmə verib. O, geridə qalmış 2022/2023 mövsümündə 27 oyunda 23 qol vuraraq, Rusiya Premyer Liqasının ən sərrast futbolçusu olub. Malkom həmçinin geridə qalmış mövsümün ən yaxşı hücumçusu və ən yaxşı futbolçusu seçilib.

2023-cü il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Malkoma və “Zenit”in digər braziliyalı yarımmüdafiəçisi Klaudinyoya Rusiya vətəndaşlığı verilib.

Malkom “Əl-Hilal”da 77 nömrə altında çıxış edəcək. “Zenit”də braziliyalı ulduz 10 nömrə altında çıxış edirdi. Bu məqam mətbuatda “Əl-Hilal”ın 10 nömrəni PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe üçün ehtiyatda saxladığı haqda şayiələrin yayılmasına səbəb olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: