“Malyorka” iki futbolçusunu satdı, 12 milyon avro qazandı

Yenidən İspaniya La Liqasına qayıtmış “Malyorka” klubu iki futbolçusunu – Predraq Raykoviçlə Covanni Qonsalesi satıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Raykoviç Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib. İspaniya klubu onun satışından 8 milyon avro qazanıb. 28 yaşlı serbiyalı qapıçı yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Predraq Raykoviç “Malyorka”ya 2022-ci ilin iyul ayında Fransanın “Reyms” klubundan 2 milyon avro müqabilində keçmişdi. Serbiyalı qolkiper bu komandanın heyətində 72 oyuna çıxıb, 83 qol buraxıb, 21 matçda isə qapısını toxunulmaz saxlayıb.

Raykoviç “Yaqodina”nın yetirməsidir. O, sonralar “Srvena Zvezda”, “Makkabi” (Təl-Əviv), “Reyms” kimi klublarda da forma geynib.

Serbiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Predraq, 2013-cü ilin avqust ayında əsas millidə debüt edib. O, milli komandanın heyətində 35 oyuna çıxıb, 29 qol buraxıb, 12 matçda qapısını toxunulmaz saxlayıb.

“Malyorka”nın sağ cinah müdafiəçisi Covanni Qonsales də Rusiyanın “Krasnodar” klubuna keçib. La Liqa klubu onun satışından 4 milyon avro qazanıb. 29 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Covanni Qonsales Argentinanın “River Pleyt” klubunun yetirməsidir. “Penyarol”da da forma geyinmiş müdafiəçi İspaniya təmsilçisinə 2022-ci ilin yanvarında azad agent kimi gəlmişdi. O, “Malyorka”nın heyətində 71 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Covanni Qonsales 2019-cu ilin mart ayında debüt etdiyi Uruqvay yığmasında 17 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: