İspaniyanın “Malyorka” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Rusiyanın “Rostov” klubundan Dennis Hadzikaduniçi heyətinə cəlb edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Dennis Hadzikaduniç 2018-ci ilin iyul ayından “Rostov”un formasını geyinir. O, Rusiya klubunun heyətində 69 oyuna 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. “Malmö”nün yetirməsi olan, Rusiya klubuna da məhz İsveç təmsilçisindən transfer olunmuş futbolçu, 2022-ci ildə doğma klubunda icarədə də oynayıb. O, öz ölkəsində “Trelleborq”un da uğurları üçün çalışıb. Bosniya və Herseqovina əsilli futoblçu Malmödə anadan olub. O, İsveçin U-17, U-19 və U-21 yığmalarında forma geyinsə də, 2020-ci ildən Bosniya və Herseqovina yığmasına dəvət alır. Müdafiəçi bu ölkənin əsas millisində 19 oyun keçirib.
“Malyorka” öz mərkəz müdafiəçisi Franko Russonu isə Bolqarıstanın “Ludoqorets” klubuna satıb. Klub bu keçiddən 900 min avro qazanıb. Argentinadan olan 28 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb.
Franko Russo 2018-ci ilin iyulundan formasını geyindiyi İspaniya klubunda 54 oyuna çıxıb və 1 qol vurub. O, karyerası ərzində “Tamarite”, “Espanyol” (B), “Vilafranka”, “Ontinyent” və “Ponferradina” kimi klubların da formasını geyinib.
Malyorkalılar yarımmüdafiəçi Laqo Junioru da “Malaqa”ya satıblar. Fil Dişi Sahilindən olan 32 yaşlı vingerin keçidindən əldə olunan gəlirin məbləği açıqlanmır. Təcrübəli yarımmüdafiəçi yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb.
Laqo Junior 2016-cı ilin yanvarından formasını geyindiyi “Malyorka”da 206 oyuna çıxıb, 36 qol vurub və 13 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Hueska”, “Mirandes”, “Ximnastik”, “Eybar”, “Numansiya” və “İssiya Vazi” kimi klublarda oynayıb. Yarımmüdafiəçi Fil Dişi Sahili yığmasında da 5 oyun keçirib.


