İngiltərənin “Mançester Yunayted” klubu Antoni Marsyal və Rafael Varan da daxil olmaqla 8 futbolçusu ilə vidalaşdığını açıqlayıb.
Arena.az bu barədə Mançester klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Antoni Marsyal və Rafael Varanın müqaviləsi yenilənməyib.
Brendon Uilyams, Çarli Maknil, Markus Lourens və Kay Plamli də azad agent statusu alıblar. Klubun gənclər komandasının oynayan məşqçisi Tom Haddlstounla da müqavilə yenilənməyib. İspaniyalı Alvaro Fernandes isə Portuqaliyanın “Benfika” klubuna keçib.
Mançester təmsilçisi Conni Evans, Tom Hiton və Şola Şortayrla yeni müqavilə üçün danışıqlar aparır. Bundan əlavə, klub Omari Forsona artıq öz təklifini edib.
Xatırladaq ki, Antoni Marsyal Lion “Olimpik”inin yetirməsidir. Fransalı hücumçu karyerası ərzində “Monako” və “Sevilya”da çıxış edib. MY Marsyalı 2015-ci ilin sentyabrında 60 milyon avro məbləğ müqabilində “Monako”dan heyətinə qatmışdı. Fransalı hücumçunun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 317 oyun, 90 qol, 47 məhsuldar ötürmə. Marsyal bu klubla İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Liqa Kubokunun, İngiltərə Super Kubokunun və Avropa Liqasının qalibi olub.
Marsyal 2015-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 30 oyuna 2 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu “xoruzlarla” UEFA Millətlər Liqasını qazanıb (2021).
“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
Rafael Varan isə 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edirdi. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 95 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.
Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.
Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünü 60 xalla 8-ci pillədə başa vurub.


