“Mançester Yunayted” uruqvaylı dayaq yarımmüdafiəçisi Manuel Uqarteni PSJ-dən tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın heyətinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid “qırmızı şeytanlar”a 50 milyon avro məbləğ müqabilində başa gəlib. Uruqvaylı “dayaqçı” İngiltərə nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Dayaq yarımmüdafiəçisi Manuel Uqarte futbola “Park Syudad-de-la-Kosta” klubunda qədəm qoyub. Uruqavaylı futbolçu karyerası ərzində “Feniks” (Montevideo), “Famalikan”, “Sportinq” (Lissabon) və PSJ-də çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Uqarte PSJ-nin heyətində 37 oyun keçirib, 3 məhsudlar ötürmə verib.
Manuel Uqarte 2021-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 22 oyuna çıxıb, məhsuldr fəaliyyəti ilə diqqət çəkməyib.
Manuel Uqartenin qənimətlər muzeyində “Sportinq”lə Portuqaliya Liqa Kuboku və PSJ ilə Fransa çempionluğu, Fransa Kuboku və Fransa Super Kuboku var.
“Mançester Yunayted” iki futbolçusunu da satmağa qərar verib. Hücumameyili yarımmüdafiəçi Hannibal Mejbri 6,4 milyon avro müqabilində “Börnli”yə keçib. 21 yaşlı tunisli futbolçu yeni klubu ilə 4 illik müqaviləyə atıb. O, Mançester klubunun əsas komandasında cəmi 13 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. Hannibal 2021-ci ildən formasını geyindiyi Tunis yığmasında 27 oyun keçirib.
Mərkəz müdafiçisi Uill Fiş isə “Kardiff Siti”yə keçib. Mançester klubu onun satışından 1,2 milyon avro qazanıb. 21 yaşlı ingilis futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Fiş, MY-nin əsas komandasında cəmi 1 matç keçirib.