Belçikanın “Antverpen” klubunun dayaq yarımmüdafiəçisi Mandela Keyta bundan sonra “Parma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
A Seriyası təmsilçisi bu transferi 12 milyon avroya rəsmiləşdirib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Leuven”in yetirməsi olan Mandela Keyta 2023-cü ildən “Antverpen”də çıxış edirdi. Belçikanın U-21 yığmasında da oynamış yarımmüdafiəçi 2023-cü ildə əsas millidə də 1 oyun keçirib.
“Parma” “Spetsiya”nın mərkəz yarımmüdafiəçisi Raşid Kudanı da transfer edib. Bu transfer üçün 4,5 milyon avrosundan keçən klub yeni oyunçusu ilə 5 illik müqavilə bağlayıb. Amma 22 yaşlı futbolçunun bu mövsümün sonunadək icarə əsasında “Spetsiya”da çıxış edəcəyi açıqlanıb. “Karateze”, “Piçerno” kimi klublarda da oynamış Kuda, İtaliyanın U-21 yığmasında da 1 oyun keçirib.
“Parma” sağ vingeri Antoni Partipilo və sol vingeri Antuan Jujunu da icarəyə verib. Partipilo “Frozinone”yə keçib. Sözügedən klub 29 yaşlı italyan futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Antuan Juju isə elə bu yay transfer olunduğu “Havr”a icarəyə verilib. “Parma” onu bu transfer pəncərəsində 3 milyon avroya məhz Fransa klubundan almış və uzunmüddətli müqavilə bağlamışdı. Amma 21 yaşlı fransalı vingerin bu mövsümün sonunadək “Havr”da icarədə oynaması qərara alınıb.
Yeri gəlmişkən, “Havr” “Sanderlend”in sağ cinah müdafiəçisi Timote Pembeleni də heyətinə qatıb. 21 yaşlı fransalı oyunçu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.
PSJ-nin yetirməsi olan, bir müddət “Bordo”da icarədə də oynamış Pembele “Sanderlend”ə 2023-cü ilin sentyabrında 1 milyon avro müqabilində keçib. O, Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Parma” xorvatiyalı hücumçusu Antonio Çolakı da “Sassuolo”ya satıb. Klub bu satışdan 2,5 milyon avro qazanıb. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Ötən mövsümün əvvəlindən “Parma”da oynayan Çolak, daha öncə “Reyncers”, “Malmö”, PAOK, “Riyeka”, “İnqolştadt”, “Darmştadt”, “Kayzerslautern”, “Hoffenhaym”, “Nürnberq”, “Lexiya” (Qdansk) kimi klublarda da oynayıb. Antonio Xorvatiya yığmasında da 3 oyun keçirib.