Manuel Noyer ÇL-də İker Kasilyasın rekordunu təkrarladı

UEFA Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə cavab oyunu (3:0) “Bayern”in alman qapıçısı Manuel Noyer üçün əlamətdar olub.

Arena.az “Opta Franz” statistik internet-portalına istinadən məlumat verir ki, Noyer Avropanın ən mötəbər klub yarışı çərçivəsində 57-ci “quru” oyununu keçirib.

Beləliklə alman qapıçı “Real”ın ispan sabiq qapıçısı, əfsanəvi İker Kasilyasın rekordunu təkrarlamış olub. Fərq yalnız qapıçıların keçirdiyi oyunların sayındadır. Kasilyas müvafiq göstəriciyə 177, Noyer isə 136 oyunda nail olub. Beləcə, Noyer bu göstəircidə Kasilyasdan öndə yer almış olub. İlk üçlüyü isə “Yuventus”un əfsanəsi, italyan qapıçı Canluci Buffon qapayır. “Cici” Çempionlar Liqasının 52 oyununda qapısının toxunulmazlığını təmin edib.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı “Bayern”də 2011-ci ilin iyulundan çıxış edir. Manuel “Bayern”ə 30 milyon avro qarşılığında elə, “Şalke”dən transfer edilib. Noyerin münhenlilərlə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 25 qol buraxıb, 9 oyunda qapısının toxunulmazlığını təmin edib.

Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Manuel Noyer hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub. Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı alman qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: